“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamının rayonumuzda icrası ilə əlaqədar olaraq Xocalı rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Bu mənada 17.02.2023-cü il tarixdə xocalıların kompakt şəkildə məskunlaşdıqları qəsəbələrdən biri olan Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 1.7 bəndinin icrası məqsədilə "Dövlət xidmətlərinin təşkili prinsiplərini və qaydasını tənzimləyən, dövlət orqanları (qurumları) tərəfindən xidmətlərin göstərilməsinə dair tələbləri müəyyən edən vahid qanunun qəbul edilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Maarifləndirmə işləri zamanı RİHBA-nın məsul işçiləri ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələr, antikorrupsiya davranış modelinin formalaşdırılması, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəldilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi üçün ardıcıl işlərin aparılmasının zəruriliyi qeyd ediblər. Çıxış edən natiqlər korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsinin, məmur-vətəndaş təmasının minimuma endirilməsinin, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılmasının, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.Sakinlər tərəfindən dövlət xidmətlərinin təşkili qaydalarına dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinlənilib.